Bakıda “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” adlı konfrans keçirilib

Bakıda “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” adlı konfrans keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda konfrans keçirilib.
Din
19 İyun , 2023 13:07
Bakıda “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” adlı konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətlər, əməkdaşlıq əlaqələri və birgəyaşayış mədəniyyətinin perspektivlərinə həsr olunan tədbirdə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən Azərbaycanda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak ediblər.

Toplantıda çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı, bu maraqlar altındakı məkrli niyyətlər, bu niyyətlər qarşısında güclü olmaq zərurəti dinindən, məzhəbindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur: “Sərhəddə baş verən hadisələri görürsünüz. Bu proseslər dini, irqi, milli xarakter daşımır və böyük dövlətlərin maraqlarının ifadəsidir”.

Milli Məclisin vitse-spikeri qeyd edib ki, bu gün Azərbaycan xalqı qürurla yaşayır: “Vətən müharibəsindəki tarixi qələbəmizə qədər cəmiyyətin qarşısında kişilər həmişə üzü qara idi. Himnimizi oxuyurduq ki, can verməyə, qan tökməyə hazırıq. Ancaq şəhidlərimizin ruhu pıçıldayırdı ki, nə vaxt? Bu gün xoşbəxtik ki, millətimizin millətlər, dövlətimizin dövlətlər qarşısında üzü ağdır. Hamımız əl-ələ verib ölkəmizin yeni uğurlar qazanmasına köməklik etməliyik”.

O vurğulayıb ki, Azərbaycan çox konfensiyalı ölkədir: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu konstitusiyamızda dini etiqad azadlığı, söz və vicdan azadlığı ilə bağlı müddəalar var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bəşəriyyət birgəyaşayışın formalarını daim axtarıb: “Bütün dinlərdə də birgəyaşayışı müəyyənləşdirməklə bağlı istiqamətlər göstərilib. Bu gün də dünya yeni münasibətlər axtarışındadır. Dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə cəmləşib”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə bildirib ki, bu gün Azərbaycanda 30-dan çox fərqli dinə, mədəniyyətə malik olan xalq yaşayır: “Bu müxtəliflik və fərqlilik bizi qorxutmur”.

Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili deyib ki, Azərbaycan tarixən çox millətli və çox konfensiyalı ölkə olub: “Bu gün fərqli millətlərin nümayəndələri də ölkəmizdə bərabər şəkildə yaşayırlar. Dinindən asılı olmayaraq hər birimiz azərbaycanlıyıq”.

Digər çıxışçılar da birgəyaşayışla bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlərin həyata keçirildiyindən, Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoqun dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmasından danışıblar.

Son xəbərlər

Orphus sistemi