Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanlı zəvvarlar bu gün günorta namazını Minada qıldıqdan sonra Məkkəyə gedəcəklər.
Bunu “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev bildirib.
H.Babayev deyib ki, Məkkədə zəvvarlar Həcc əməllərini bitirəcəklər: “Bu gün bütün zəvvarlar Məkkəyə gətiriləcək və onlar Həcc əməllərini başa vuracaqlar. Zəvvarların birinci qrupunun Mədinəyə dönüşü sentyabrın 16-da başlayacaq. Hacılar Azərbaycana sentyabrın 19-dan gəlməyə başlayacaqlar. Onlar hər gün iki reys olmaqla Bakıya sentyabrın 19-u, 21-i və 22-si tarixlərində gətiriləcəklər”.
H.Babayev onu da qeyd edib ki, zəvvarların sağlamlıq vəziyyətləri normaldır: “Zəvvarlarımız arasında ağır xəstələnənlər yoxdur. Bir-iki nəfərdə günvurma, iki qadında isə ürək çatışmazlığı problemi yaranmışdı ki, onlara da həkimlərimiz tibbi xidmət göstərib. Hazırda vəziyyətləri yaxşıdır”.