Azərbaycanlı zəvvarlar Məkkədə Təməttö ümrəsi əməllərini yerinə yetiriblər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, hazırda zəvvarlar hotel-məscid şəraitindədirlər: "Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar üçün növbə ilə 24 saat xidmət göstərən həkimlər ayrılıb. Hazırda onların durumu yaxşıdır, səhhətlərində hansısa ciddi problemin yaranması ilə bağlı məlumat daxil olmayıb. İki gündən sonra çöl şəraitində ibadətlər başlanacaq, isti, yorğunluqdan yaranan problemlər çox vaxt həmin şəraitdə qeydə alınır".
V.Cahangiri bildirib ki, azərbaycanlı zəvvarların hamısı ehrama girərək ilk əməlləri, yəni Təməttö ümrəsini icra ediblər: "Növbəti və əsas mərhələ iyunun 14-dən başlanacaq və üç-dörd gün davam edəcək. Əvvəlcə zəvvarlarımız həmi gün gecə saatlarında ehrama girib Məkkə şəhərinin 24-cü kilometrliyində yerləşən Ərəfat çölünə gedəcəklər. Qurban bayramı günü sübh azanından gün çıxanadək Ərəfatla Mina dağının arasındakı Məşərül-Həram adlanan ərazidə dayanılacaq. Gün çıxandan sonra zəvvarlar Mina dağına qalxmalıdırlar. Burada gün batanadək hər bir zəvvar şeytana yeddi dənə daş atmalıdır. Daha sonra üç gün ərzində hər kəs Həccin əsas atributlarından olan qurbanlıq heyvan kəsməlidir. Qurbanlıq heyvan dəvə, inək, qoyun, keçi ola bilər. Bunun ardınca Mina dağına qalxan zəvvar saçından bir qədər kəsməli və dırnaqlarını tutmalıdır. Birinci dəfə ziyarətə gələn kişilər başlarını dibdən qırxdırmalıdırlar".
QMİ rəsmisi vurğulayıb ki, ziyarətçilər daha sonra Kəbəyə qayıdacaqlar: "Burada Kəbə təvaf (yeddi dəfə dövrə vurmaqla) ediləcək. Zəvvarlar Kəbənin ətrafında dövrə vurduqca dua oxumalıdırlar. Sonra iki rükət təvaf namazı qılınmalıdır. Təvaf namazını qılan zəvvar müqəddəs Zəmzəm suyundan içib Səfa və Mərvə dağları arasındakı məsafəni 7 dəfə qət etməlidir. Nəhayət, Həccin sonuncu əməli olan təvafi-nisa yerinə yetirilməlidir. Yəni niyyət edilərək Kəbənin ətrafında dövrə vurmalı və ardınca iki rükət namaz qılmalıdırlar. Həcc əməllərini yerinə yetirəən müsəlmanlar sonda Məkkədə vida təvafı etməli, daha sonra İslamın ikinci müqəddəs şəhəri olan Mədinəyə gedərək Məhəmməd peyğəmbərin və digər müqəddəslərin məzarlarını ziyarət etməlidirlər".
V.Cahangiri azərbaycanlı zəvvarların geri dönüşlərinin iyunun 26-dan iyul 1-nə kimi başa çatdırılacağını da vurğulayıb.