“Mən siyasətçi deyiləm, lakin bunu mütləq qeyd etmək lazımdır ki, Qafqazda iki qonşu ölkə - Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə münasibətlər yüksək səviyyədədir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdə deyib.
QMİ sədri baş nazirin Gürcüstan və Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafına verdiyi töhfəni xüsusilə vurğulayıb: “Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Bizim əvvəlki görüşümüz səmimi və mehriban şəraitdə keçib”.
Şeyxülislam A. Paşazadə Gürcüstanın Baş nazirinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb: “Azərbaycanın dövlət başçısı sizi hər zaman xüsusi şəkildə xatırlayır, sizə böyük hörmət bəsləyir. Sizin yüksək səviyyəli münasibətləriniz xalqlarda, ölkələrdə özünü göstərir və bu, bizim üçün örnəkdir”.