Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.
Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq: "Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda, təxminən, 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza "Sinovac", 1 doza "Pfizer") vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər".
B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib: "Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir".
Qeyd edək ki, Ümrə ziyarəti üçgünlük Mədinə, beşgünlük Məkkə ziyarəti ilə yekunlaşır. Ümumilikdə ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.