Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanlı zəvvarlar Həccin əsas əməllərini yerinə yetirərək Hacı olublar.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, hazırda bəzi hacılar Minadan Məkkəyə qayıdaraq Həccin sonuncu əmələrini yerini yetirirlər.
İdarədən bildirilib ki, azərbaycanlı zəvvarların bir qrupu isə hələ də Minadadırlar və orada növbəti dəfə "Şeytan daşlama" əməlini icra edirlər: "Həmin hacılar sentyabrın 3-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerini yetirəcəklər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq".
QMİ-dən verilən məlumatda qeyd olunub ki, Həcc əməlləri bitdikdən sonra Məkkədə bir neçə gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 zəvvar gedib. Onlar sentyabrın 12-dən etibarən Azərbaycana qayıdacaqlar.