Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri dünya ictimaiyyətinə müraciət ünvanlayıb. “Report”un məlumatına görə, müraciət Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının sədri Melih Yevdayev və Azərbaycan Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviçin adından ünvanlanıb.
Müraciətdə deyilir: “Sizlərə Vətənimiz Azərbaycanda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən təxribatlarla bağlı narahatlığımızı bölüşmək niyyəti ilə müraciət edirik.
Bu bizim din xadimi olaraq Allah və Vətən qarşısında borcumuzdur. Dünyanı məhvərindən çıxmağa qoymayan, ümumi mənəvi dəyərlərə istinad edən biz din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış edirik.
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatlara əl atması Ermənistanın işğalçı niyyətini bir daha sübut etdi. Müharibənin sülh yolu ilə həll olunmasını istəyən, günahsız qurbanların sayının artmasını istəməyən Azərbaycan tərəfi əvvəlcə birtərəfli qaydada atəşkəs elan etdi. Hazırdsa ümumi atəşkəs haqda razılaşma əldə olunsa da qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır.
Dünya, o cümlədən ermənilərin özləri Qarabağın Azərbaycan torpaqları olduğunu bilir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarabağ respublikası adlı qondarma qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlilərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbyacan xalqına dərin başsağlıqlarımızı bildirir, Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını diləyirik”.