Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanda Ramazan bayramı qeyd olunur.
“Report” xəbər verir ki, bayram namazı səhər saatlarında qılınacaq.
İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.
Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Hər il olduğu kimi, bu ildə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Qeyd edək ki, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür. Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.