Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda ötən ay 4 dini icmanın ləğvi ilə bağlı qərar qəbul edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu dini icmalar Suraxanı Zığ qəsəbəsi "Əli qədəmgahı" ziyarətgahı, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbə dini icması, Sabunçu rayonu Kürdəxanı qəsəbə dini icması, Lənkəran rayonu Yuxarı Nüvədi kənd dini icmalarıdır.
Bundan başqa, iyulun sonu avqust ayı ərzində 7 dini icmanın qeydiyyatı ilə bağlı dəyişiklik edilib.
Bunlar Xilaskar Yevangelik-Lüteranların Bakı dini icması, Astara rayonu Kakalos kənd məscidi dini icması, Lənkaran rayonu Boladi kənd məscidi dini icması, Lənkəran rayonu Kənarmeşə kənd məscidi dini icması, Astara rayonu Sığaloni kənd məscidi dini icması, Hacıqabul rayonu Talış kənd kənd məscidi dini icması, Şəki şəhəri "İmam Əli" məscidi dini icmalarıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov "Report"a bildirib ki, dini icmaların ləğv edilməsi proseduru qanunla tənzimlənir. Şöbə müdirinin sözlərinə görə, bununla bağlı "Dini etiqad azadlığı haqqında” qanunda iki yol müəyyənləşdirilib.
O bildirib ki, ya dini icma özü özünü buraxır və ya dini icma yol verdiyi əsaslı qanun pozuntuları zamanı DQİDK-nın müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilir: "Dini qurum tərəfindən onun yaranma məqsədlərinə zidd olan fəaliyyət həyata keçirildiyi zaman, dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi, eləcə də ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması-terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi, dünyəvi təhsil alınmasına mane olma, dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə, zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma, şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə, dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmaması kimi qanun pozuntuları dini qurumların, o cümlədən dini icmaların ləğvinə əsas verir".