Azərbaycan və Gürcüstanın dini liderləri arasında telefon danışığı olub

Azərbaycan və Gürcüstanın dini liderləri arasında telefon danışığı olub Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb.
Din
424
10 Sentyabr , 2020 14:20
Azərbaycan və Gürcüstanın dini liderləri arasında telefon danışığı olub
0 : 00
0 : 00

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb.

QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, telefon söhbəti zamanı xalqlar arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunub, son zamanlar, xüsusən, pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, mənəvi əlaqələrə bunun heç bir xələl gətirmək iqtidarında olmadığı vurğulanıb.

Patriarx II İliya həzrətlərinin səhhəti ilə maraqlanan, onun üçün dualar etdiyini bildirən Şeyxülislam A. Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusi vurğulayıb. Uca Yaradanın köməyi ilə sağlamlığının qənaətbəxş olduğunu bildirən Patriarx II İliya QMİ sədrinə xeyir-dualarını bildirib, xalqlarımız, dövlətlərimiz, bölgəmiz naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərinin bundan sonra da davam və inkişaf etməsi üçün səy və dualarını əsirgəməyəcəyini dilə gətirib.

Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin timsalında dinlərarası dialoq və bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün örnək nümunə olduğu qürurla vurğulanıb. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi