Bakı. 30 avqust. REPORT.AZ/ "Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi düşündürən ciddi məsələdir".
"Report" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib.
O bildirib ki, hazırda Azərbaycanın ən ciddi problemlərindən biri dini radikalizmdir: "Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir. Dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirmə işləri aparılmalıdır".
A.Quliyev qeyd edib ki, cəmiyyətin, xüsusilə də Qeyri-Hökumət Təşkilatlarının səfərbər olmasına ehtiyac var: "Savad baxımından geri qalan şəxslər xürafata meyilli olurlar. Bundan istifadə edən qruplar onları hədəfə götürüb risk qrupuna daxil edirlər. Dini radikalizm daha çox sosial şəbəkələr vasitəsilə yayılır. Dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılmalıdır".