Ayətullah Mohsan Araki: "Azərbaycan İslamdaxili dialoq üçün yaxşı platformadır"

Ayətullah Mohsan Araki: "Azərbaycan İslamdaxili dialoq üçün yaxşı platformadır" Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Tehranda keçiriləcək "İslam həmrəyliyi" konfransına dəvət edilib
Din
21 Oktyabr , 2016 11:26
Ayətullah Mohsan Araki: Azərbaycan İslamdaxili dialoq üçün yaxşı platformadır

Moskva. 21 oktyabr. REPORT.AZ/ "Azərbaycan Qafqazın İslam dünyasına böyük təsir göstərir".

"Report" xəbər verir ki, bunu İran rəhbərliyi Ali Ekspertlər Şurasının üzvü ayətullah şeyx Mohsan Araki Moskvada keçirilən məzhəblərin yaxınlaşması forumu çərçivəsində deyib.

"Biz Allahşükür Paşazadəni (Qafqaz Müsəlmanları İdarəsinin sədri - red.) Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün İrana dəvət etmişik. Bu bayram münasibətilə bu il dekabr ayının 15-16-da Tehranda 30-cu "İslam həmrəyliyi" konfransı keçiriləcək", - deyə M.Araki bildirib.

M.Araki A.Paşazadə ilə dostluq əlaqələrindən istifadə edərək ondan Qafqazın aparıcı din xadimlərini də İrandakı konfransa dəvət etməyi xahiş etdiyini vurğulayıb.

İranlı din xadimi qeyd edib ki, Tehranda Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Bakıda müxtəlif İslam konfranslarının, o cümlədən məzhəblərin birləşdirilməsi üzrə (İslamdaxili - red.) konfransların keçirilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi planlaşdırdıqlarını bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionda baş verən proseslərə təsir göstərir: "Azərbaycan Qafqazda İslamın mənəvi dünyasına böyük təsir göstərir. Şeyx Allahşükür Paşazadənin regionun İslam alimləri ilə geniş əlaqələri var. Onun müavininin sünni olması hörmətə layiqdir. Buna görə də Azərbaycan İslam dünyası daxilində dialoq üçün yaxşı platformadır".

Son xəbərlər

Orphus sistemi