(Xəbərə mətn və fotolar əlavə olunub)
Ölkənin bir sıra bölgələrində, o cümlədən Mərkəzi Qan Bankında "Aşura" günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
"Report"un xəbərinə görə, Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, ölkədə irsi qan xəstəliyindən əziyyət çəkən çox sayda insan var:
"Qan daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. Qan preparatlarını başqa heç bir maddədən almaq mümkün olmadığından könüllü donorlara həmişə ehtiyac var. Hər donorun qanından üç nəfər üçün qan komponenti hazırlanır və bu, üç xəstənin həyatını xilas etmək deməkdir. Hazırda karantin rejimi qaydaları çərçivəsində aksiyamızı davam etdiririk".
Qeyd edək ki, aksiya gün ərzində davam edəcək. Qan Bankında baş tutan aksiyada bu saata qədər 100-dən çox şəxs iştirak edib.
Azərbaycanda Aşura ilə əlaqədar qanvermə aksiyasına başlanılıb.
“Report” xəbər verir ki, aksiya Qan bankının paytaxtda və bölgələrdəki filiallarında, ümumilikdə 9 nöqtədə təşkil olunub.
Qeyd edək ki, bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-cu günü olan Aşura günü avqustun 19-na təsadüf edib.