Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Shanti Ashram təşkilatının direktoru Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin baş Katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, habelə Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete iştirak ediblər.
Tədbirin gedişində cari məsələlər ətrafında müzakirələr aparıldı və hesabatlar dinlənilib. Katibliyin əməkdaşları KAICIID-in dünyanın bir sıra ölkələrində, o cümlədən, Nigeriya, Mərkəzi Afrika Respublikasında, Myanmada, eləcə də ərəb regionunda fəaliyyətlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən A.Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra son günlər Hindistanda pandemiyadan çoxsaylı ölüm halları ilə bağlı başsağlığı verdi və dualar edib ki, Allah-Təala yaxın zamanda bəşəriyyəti COVID-19 bəlasından xilas etsin.
Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini onlayn sessiya iştirakçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID nəzdində müxtəlif regionları təmsil edən dini liderlər şurasını təsis etmək təşəbbüsü ilə çıxış edib. Təşəbbüs iştirakçılar tərəfindən müsbət dəyərləndirilib.
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq KAİCİİD təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs etdi. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub. Onlayn sessiya məhsuldar keçib.