Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb Bakı. 9 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri ilə görüşüb.
Din
9 Yanvar , 2019 16:54
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri ilə görüşüb.

Bu barədə "Report"a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib. 

A.Paşazadə Haməd bin Abdullah bin Səud bin Xudeyrini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar diləyib. Səfirin görüşmək təşəbbüsündən məmnunluğunu bildirən QMİ sədri A.Paşazadə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud qardaşlıq münasibətlərinin xalqlar və dövlətlər üçün böyük dəyər kəsb etdiyini bildirib. 

A.Paşazadə vurğulayıb ki, dövlətlər arasında siyasi, iqtisadi əlaqələrin inkişafı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsi xalqlarımız arasında mənəvi sahədə qarşılıqlı anlaşma və ehtiramı artıran amillərdəndir.

QMİ sədri bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarında məscidlərin, qəbirstanlıqların dağıdılması, İslam irsinə qarşı həyata keçirilən vandalizm aktlarına qarşı mübarizədə Səudiyyə Ərəbistanının beynəlxalq müstəvidə nümayiş etdirdiyi İslam həmrəyliyi təqdirəlayiqdir. 

A.Paşazadə ümummilli lider Heydər Əliyevlə, habelə Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər Səudiyyə Ərəbistanına, müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri xatırlayıb, həmin səfərlər zamanı azərbaycanlı ali qonaqlara göstərilmiş özəl diqqət və xüsusi münasibəti məmnunluqla yada salıb. Belə ki, A.Paşazadə Məkkədə Kəbə Evinin daxilinə, Mədinədə Peyğəmbər məscidinin mübarək məqamlarına Azərbaycanın dövlət rəhbərlərinin daxil olma imkanının yaradılmasını olduqca böyük əhəmiyyət kəsb edən qardaşlıq münasibətinin təzahürü kimi dəyərləndirib.

Haməd bin Abdullah bin Səud bin Xudeyri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin hər iki dövlət üçün böyük önəm daşıdığını bildirərək bu əlaqələrin bütün istiqamətlər üzrə inkişafı üçün səfir olaraq əlindən gələni əsirgəməyəcəyini bildirib. 

O, Azərbaycanın haqq işinin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsini qardaşlıq borcu, şərəf məsələsi hesab etdiklərini vurğulayıb. Səudiyyəli səfir Azərbaycanın stabil inkişaf edən ölkə kimi görməkdən məmnunluğunu qeyd edib və digər ölkələrlə müqayisədə Azərbaycanda müşahidə etdiyi etnik və dini sabitliyin mövcudluğunu dəyərləndirib. 

O qeyd edib ki, bu sabitliyin əldə olunmasında müdrik dövlət siyasətinin və dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin düzgün fəaliyyətinin xüsusi rolu var. Bu baxımdan, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin QMİ ilə əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə, öz növbəsində, bu istiqamətdə əlaqələrin genişlənməsinin xalqlar, dövlətlərin mənafeyinə xidmət edəcəyini, ümumən islami maraqların nəfinə olacağına əminlik ifadə edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi