Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə gedir.
Bu barədə "Report"a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
QMİ sədri A.Paşazadə qardaş ölkənin paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının IV görüşündə iştirak edəcək.
Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan dini liderləri və TDT-nin Baş Katibi Kubanıçbek Ömüralıyev görüşdə iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, TDT nəzdində yaradılmış üzv dövlətlərin Müsəlman Dini İdarə rəhbərləri Şurasının daha öncə İstanbul, Türküstan və Bakıda görüşləri baş tutmuş, Şuranın Əsasnaməsi ötən il Zəfər yurdumuz Şuşada imzalanmışdı.
Şeyxülislam A.Paşazadə Özbəkistanda daha iki mühüm konfransda iştirak edəcək.
Daşkənddə İmam Maturidinin irsinin tədqiqinə həsr olunmuş konfransda və Buxarada Mir-Ərəb Ali Mədrəsəsinin 500 illiyinə həsr olunmuş Beynəlxalq Forumda iştirak edəcək QMİ sədri A.Paşazadə məruzələrlə çıxış edəcək. Qədim təhsil ocağının məzunu olmuş Şeyxülislam A.Paşazadə Buxarada tələbə yoldaşları ilə görüşəcək, burada oxuyan tələbələrlə görüşəcək, şəhərin hakimi tərəfindən qəbul ediləcək.
Noyabrın 28-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Özbəkistan torpağında bir sıra görüşlər keçirəcəyi, rəsmilər tərəfindən qəbulu, KİV-də çıxışları və qardaş ölkənin dini-mədəni abidələri ilə tanışlıq nəzərdə tutulur.