Allahşükür Paşazadə İsrail səfiri ilə görüşüb

Allahşükür Paşazadə İsrail səfiri ilə görüşüb Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşeyin də iştirak edib
Din
10 Fevral , 2021 17:06
Allahşükür Paşazadə İsrail səfiri ilə görüşüb

Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İsrailin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Qurumun Mətbuat xidmətindən "Report"a bildirilib ki, QMİ sədri Azərbaycanda xristianlarla yanaşı yəhudilərin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası və yəhudilərlə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

Şeyxülislam A.Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. Yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının ölkəmizi hər zaman, hər yerdə yüksək səviyyədə təmsil etmələrini qeyd edən Şeyxülislam A.Paşazadə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda azərbaycanlılarla çiyin-çiyinə mübarizə aparan xristianlarla yanaşı yəhudi vətəndaşlarımızın vətənpərvərlik nümunələrindən bəhs etdi, Vətənin müdafiəsi yolunda şəhid olanlar arasında yəhudilərin də olduğunu qeyd edərək cəmi şəhidlərimizə Allahdan rəhmət dilədi. Azərbaycan dövləti İsrailin haqq işimizə verdiyi siyasi, mənəvi dəstəyi yüksək qiymətləndirib.

İsrailin ölkəmizdəki yeni səfirinə öz xeyir-dualarını bildirən, qarşıdakı fəaliyyətində uğurlar diləyən QMİ sədri A.Paşazadə dinlərarası səmimi münasibətlərin, qarşılıqlı ehtiram mühitinin xalqlarımız və dövlətlərimiz, bölgəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi üçün önəmli olduğunu xüsusi vurğuladı. Şeyxülislam A.Paşazadə səfirin işğaldan azad olunmuş ərazilərə səfər zamanı öz gözləri ilə gördüyü reallıqlar barədə nəticə çıxarmaq imkanına malik olduğuna diqqəti çəkərək, Azərbaycan dövlətinin Qarabağda böyük quruculuq işləri çərçivəsində dağıdılmış, həqarətə məruz qalmış dini-mənəvi abidələrin bərpasının prioritet səciyyə daşıdığını qeyd edib.

İsrailin səfiri cənab C.Dik Şeyxülislam A.Paşazadəyə görüş imkanına görə təşəkkürlərini bildirib. O, Azərbaycan kimi dini tolerantlığın, dinlərarası dostluq və əməkdaşlığın bariz nümunəsinin mövcud olduğu bir ölkəyə təyinat almasından böyük fəxr duyduğunu xüsusi qeyd edib. Azərbaycanın dini lideri Şeyxülislam A.Paşazadənin 40 ildən artıq müddət ərzində diqqətəlayiq, dəyərli fəaliyyətini yüksək qiymətləndirən cənab səfir QMİ sədri, habelə ölkəmizdəki xristian, yəhudi dini icma rəhbərləri ilə görüşlərindən məmnunluğunu ifadə etdi. Səfir Azərbaycanda 30 000-dən artıq yəhudi icmasının antisemitizmdən uzaq, dinlərarası harmoniya mühitində yaşamasını, sinaqoqlarda ibadətlərini rahat, təhlükəsiz şəkildə həyata keçirmələrini böyük nemət kimi dəyərləndirib. Azərbaycanla sıx əlaqələrə malik İsrail dövlətinin bütün sahələrdə, o cümlədən, iqtisadi, siyasi əlaqələrinin daha da inkişaf etdirilməsinin, neft sektoru ilə yanaşı turizm imkanlarının genişləndirilməsinin vacib olduğunu vurğulayan cənab səfir pandemiya dövrü başa çatdığı dönəmdə Azərbaycanın dini liderlərinin İsrailə dəvət olunaraq oradakı din xadimləri ilə görüş, ünsiyyət imkanı verən dinlərarası tədbirlərin təşkili niyyətində olduqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev İsrailli səfirin təyinat aldığı qısa müddət ərzində dəyərli fəaliyyətini xüsusi qeyd etdi. O bildirdi ki, cənab səfir C.Dik Azərbaycandakı Vətən müharibəsinin ilk günlərində Bakıdakı sinaqoqa təşrif buyuraraq, oradan dini icma üzvləri ilə bərabər dünya yəhudilərinə müraciət etmiş, Azərbaycanın haqlı mübarizəsinə dəstək olmağa çağırış etmişdir. Belə bir mövqeyə görə minnətdarlığını bildirən icma sədri M.Yevdayev səfirə fəaliyyətində uğurlar diləyib.

Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşeyin də iştirak edib.

Son xəbərlər

Orphus sistemi