“Xalqını, dövlətininin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır”.
“Report”un xəbərinə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri olaraq bu günə gələn yollarımız asan olmayıb: “Dövlət müstəqilliyimiz yolunda, ərazi bütövlüyümüz uğrunda minlərlə övladlar canlarını fəda etmişlər. Siyasi, mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad etmək, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur. Bu sırada, Qarabağın azadlığı uğrunda Vətən müharibəsi şəhidlərinə Allah-Təaladan rəhmət, qaziləriə şəfa diləyək. Onlar öz qanları ilə əzəli, ata-baba torpaqlarımızı işğaldan azad etdilər, məscid və məbədləri əsarətdən qurtardılar, mədəni-mənəvi irsimizi xilas etdilər. Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətininin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır”.