Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzlu "Le Mondе" qəzetinin müxbiri Emmanuel Qrinzpam ilə görüşüb müsahibə verib.
QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Qafqaz, Azərbaycan müsəlmanlarının dini lideri ilə görüş imkanını yüksək dəyərləndirən fransız jurnalist onu maraqlandıran sualları Şeyxülislam A.Paşazadəyə ünvanlayıb.
Fransalı jurnalistin sualları sırasında Azərbaycanın dini modeli, ölkədə hökm sürən dinlərarası harmoniyanın təməlində duran dəyərlər, bunun tarixi aspekti və bugünkü reallıqları, dövlət-din münasibətlərinin səviyyəsi, Avropa üçün örnək ola biləcək dinlər və konfessiyalararası münasibətlər nümunəsi, məzhəblərarası anlaşma mühitini şərtləndirən səbəblər, sekulyar cəmiyyətlərdə dinin yeri, rolu və s. bu kimi məsələlər yer alırıb. Fransalı jurnalist üçün xüsusi önəm kəsb edən məqamlar Azərbaycanın, Qafqazın müsəlman dini liderinin uzun onilliklər ərzində beynəlxalq miqyasda tanınan, mövqeyi dəyərləndirilən mənəvi xadim, ağsaqqal statusunda qəbul edilməsi kontekstində Şeyxülislamın şəxsiyyəti, formalaşdığı mühit ilə bağlı suallarda əksini tapdı. Tanınmış müxbir müsahibə zamanı Fransada dinlərarası münasibətlər nümunəsindən bəhs edərək, Azərbaycanla müqayisəli şəkildə, paralellər apararaq da bəzi suallar səsləndirib.
Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük II Qarabağ müharibəsi dövrünə dair məsələlər də fransalı media təmsilçisini maraqlandıran suallar sırasında olub.
QMİ sədri sualları geniş şəkildə cavablandırıb. Azərbaycan xalqının öz Ali Baş Komandanının rəhbərliyi altında qazandığı Zəfərin mənəvi önəmi, bu zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan vətəndaşlarımızın dövlət ətrafında sıx birləşməsindən, Vətənin ərazi bütövlüyünün bərpa olunmasında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, ukraynalılar arasından şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayan Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin hər zaman sülh, bölgədə dinc qonşuluq, iqtisadi əməkdaşlıq tərəfdarı olduğunu qeyd edib. QMİ sədri Azərbaycan Prezidentinin bu yaxınlarda yerli və xarici media ilə keçirdiyi, böyük beynəlxalq rezonans doğurmuş press-konfransda erməni tərəfinə ünvanlı səsləndirilmiş dinc birgəyaşayış ismarıclarının ermənilər tərəfindən lazımınca dəyərləndirilməsi vacibliyinə diqqəti çəkib.
Şeyxülislam A. Paşazadə dinlər və konfessiyalar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin formalaşmasında təkcə din xadimlərinin səylərinin kifayət etmədiyini, bunun üçün dövləti iradənin, siyasi xəttin vacib əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Dünyada sülh və əmin-amanlığın təmin olunmasında dini liderlərin səylərinin önəm kəsb etdiyini bildirən Şeyxülislam A. Paşazadə bu istiqamətdə özünün hər zaman fəal şəkildə çalışdığını, istər Sovetlər dönəmində, istər Azərbaycanın müstəqillik illərində dinlərarası dialoq müstəvisində səylərini əsirgəmədiyini faktlarla fransalı müxbirin diqqətinə çatdırıb. Bir insanın həyatının xilasını bütün bəşərin xilası ilə eyni dəyərdə qiymətləndirən İslam dininin hökmlərini rəhbər tutaraq 30 ildən artıq müddətdə Erməni kilsəsinin dini liderləri ilə apardığı dialoqlardan, münaqişənin dini müstəviyə keçməməsi üçün səylərindən bəhs edib. QMİ sədri təəssüflə qeyd etdi ki, erməni kilsəsi dinin sülhyaratma missiyasını rəhbər tutmaq əvəzinə hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edərək, öz xalqını müharibəyə sövq edir, dünyada, o cümlədən, Avropa miqyasında yalan təbliğatlar aparır, işğal dövründə Qarabağdakı dini məbədləri məhv edən, məscidləri talan edib, həqarətə məruz qoyan, qədim alban, pravoslav kilsələrini qriqoryanlaşdırdıqları halda, Azərbaycanın dini məbədlərə münasibətinə dair qarayaxmalar yayır. Azərbaycanın haqq mübarizəsinin əsl həqiqətlərini dünya ictimaiyyətinə geniş yaymaq üçün bütün müstəvilərdən, o cümlədən, üzvü olduğu beynəlxalq və regional qurumların xitabət kürsülərindən istifadə etdiyini, onları mütəmadi məlumatlandırdığını qeyd edən Şeyxülislam A.Paşazadə erməni kilsəsinin qonşu xalqlar olan Azərbaycan və Ermənistan arasında sülhün və gələcək əlaqələrin qurulmasını deyil, qarşıdurmanı təşviq edən mövqeyini qınadığını bildirib.
QMİ sədri Fransaya səfərlərini xatırlayaraq, orada müsəlman din xadimləri ilə görüşlərindən söhbət açıb, əslən fransalı xristian din xadimləri ilə birgə beynəlxalq dinlərarası dialoq müstəvisində əməkdaşlıq nümunələrindən bəhs etdi. O, Qarabağda Azərbaycana qarşı döyüşən terrorçuların Fransada mühakimə edilcəyi ilə bağlı xəbərləri müsbət dəyərləndirdiyini bildirib.
Dünyada və bölgəmizdə sülh və anlaşmanın bərqərarı üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirən Şeyxülislam A.Paşazadə Fransanın nüfuzlu nəşrinin Azərbaycan barədə həqiqətləri yaymaq istəyini yüksək qiymətləndirdiyini qeyd edib.