Allahşükür Paşazadə: "Bu səfər Azərbaycan tarixində qalacaq"

Allahşükür Paşazadə: "Bu səfər Azərbaycan tarixində qalacaq" QMİ sədri İranın ali rəhbəri Seyid Əli Xamneyini Azərbaycana dəvət edib
Din
1 Sentyabr , 2015 15:11
Allahşükür Paşazadə: Bu səfər Azərbaycan tarixində qalacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə konfrans keçirilib.

"Report"un xəbərinə görə, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bir müctəhidin Azərbaycana gəlişi tarixdə hər ölkəyə nəsib olmayan bir nemətdir: "Hələ Azərbaycan torpağına ayətullah-üzma, müctəhid gəlməyib. Sovet dövründə biz onları oğrun-oğrun öyrənərdik. Amma bir müctəhid bizim dövrümüzdə gəlsin, bizləri ziyarət etsin, olmamışıdı. Bu gün bizə böyük nemət qismət olub. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullah-üzma gəlib. 92 yaşı olmasına baxmayaraq, böyük əziyyət çəkərək Azərbaycana gəlib. Bu səfər Azərbaycan tarixində qalacaq".

Şeyx Həmədani haqqında qısa məlumat verən QMİ sədrinin sözlərinə görə, o, İranda Xomeynidən sonra şahın hakimiyyətdən getməsində xidməti olan şəxslərdən biridir. Şeyx Həmədani vətənindən dəfələrlə uzaqlaşdırılıb, amma əqidəsindən əl çəkməyib: "O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna, Qarabağ torpaqlarının azad olunması üçün dualar edib".

A.Paşazadə İranın ali rəhbəri Seyid Əli Xamneyini Azərbaycana dəvət edib: "Seyid Əli Xamneyini görmək mənim və biz dindarların arzusudur və bu arzu ilə onu bura dəvət edirik. Nuri Həmədanidən xahiş edirəm mənim bu arzumu Seyid Əli Xamneyiyə çatdırsın".

Son xəbərlər

Orphus sistemi