“Heydər Əliyevin prezidentliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Ulu Öndər müdrik dövlət başçısı kimi millətimizin yüksək amallar uğrunda sıx birləşməsində milli-mənəvi dəyərlərin önəmini gözəl bilirdi”.
“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də keçirilən "Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı tədbirdə çıxışı zamanı deyib.
QMİ sədri bildirib ki, Təzəpir məscidini ziyarət edərək dindarlar qarşısında çıxış edən Ulu Öndər "Allahın yolunda hamımız bir olaq" çağırışı ilə xalqı vəhdətə səslədi:
"Nisgilli tarixçəsi olan şəhid Bibiheybət məscidinin bərpası haqda sərəncam verməklə Ulu Öndər xalqın qəlbində repressiyaya uğramış bütün mənəvi dəyərlərimizin bərpa olunacağına ümid işığı yandırdı və bütün dindarların dərin rəğbətini qazandı. Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşıyıb".
Onun sözlərinə görə, Azərbaycan - Türkiyə dostluq, qardaşlıq münasibətlərinin bugünkü yüksək zirvəsi, iki dövlət liderinin dünya miqyasında bir-birinə arxa-dayaq olması "Bir millət-iki dövlət" təbirinin müəllifi Ulu Öndər Heydər Əliyevin müdrikliyinin daha bir bariz nümunəsidir.