QMİ-dən “Report”a bildirilib ki, səfiri salamlayan, ona qarşıdakı fəaliyyətində uğurlar diləyən Şeyxülislam A.Paşazadə Azərbaycandakı multikultural həyat, ölkədə dini konfessiyalar arasında mövcud dostluq, qardaşlıq, nümunəvi əməkdaşlıq münasibətləri, dövlətimizin bu istiqamətdə səyləri, diqqət və qayğısı, nümunəvi dövlət-din münasibətləri barədə qonağı məlumatlandırıb.
Səfir Azərbaycana təyinat aldığı dörd ay ərzində Azərbaycanda müşahidə etdiyi iqtisadi inkişaf, ümumi rifah səviyyəsindən, qonaqpərvər mühitdən təəssüratları ilə yanaşı, dinlərarası, konfessiyalararası əməkdaşlığın örnək nümunələrindən məmnuniyyətini bölüşüb. Azərbaycana gəldiyi zamandan katolik və pravoslav konfessiya rəhbərləri ilə görüşdüyünü, Şeyxülislamla görüşməyi böyük səbirsizliklə gözlədiyini xüsusi diqqətə çatdıran argentinalı səfir ölkəsində də müxtəlif dinlər arasında dialoq mühitinin müsbət nümunələrindən bəhs etdi. O, xüsusi vurğulayıb ki, Argentina ilə Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr kimi mədəni-mənəvi sahədə münasibətlərin bərqərarında maraqlıdırlar.
QMİ sədri Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən qonağa bəhs edib. Multikulturalizmin ölkədə dövlət siyasəti qismində həyata keçirildiyini, dövlət başçısının bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirməsinin, qlobal əhəmiyyətli multikulturalizm və insani həmrəylik ideyalarını irəli sürməsinin bu töhfələri artırdığını qeyd edən A.Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd edib.
QMİ sədri bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi ünvana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. Qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu vurğulayıb.
Şeyxülislam A.Paşazadə Latın Amerikası təmsilçilərinin də Sammitə dəvət olunduqlarını, Argentinanın da nüfuzlu din xadimlərinin iştirakından məmnun olacaqlarını səfirin diqqətinə çatdırıb.
Səfirin Şeyxülislamı ziyarətində onu ölkəmizdə səfərdə olan Argentinanın məşhur teleaparıcısı - Argentinanın İctimai Televiziyasında efirə gedən ”El Calamo” mədəni proqramının prodüseri Xalid Hallar və Uruqvayın Katolik Universitetinin Humanitar Elmlər departamentinin Ərəb və İslam Araşdırmaları bölməsinin direktoru Susana Manqana müşayiət edib. Azərbaycanın turizm imkanları və multikulturalizm-tolerantlığı haqqında geniş informasiya əldə etmək məramı ilə ölkəmizə səfərə gəlmiş qonaqlar Şeyxülislam A.Paşazadəyə suallarını ünvanlayıblar.
İki ölkə arasında dini-mənəvi əlaqələrin mövcudluğunun siyasi, iqtisadi əlaqələrin də daha dərin və uzunömürlü olmasına dəlalət edəcəyini vurğulayan Argentina səfiri Şeyxülislam A.Paşazadə ilə ölkəsindəki din xadimləri arasında dinlərarası əməkdaşlıq əlaqələrinin bərqərarını istədiyini, qarşılıqlı səfərlərin buna münbit şərait yaradacağına ümidvar olduğunu diqqətə çatdırıb. Şeyxülislam A.Paşazadə ölkəmizdəki dini konfessiya nümayəndələri ilə bərabər dünyanın bir çox ölkələrinə etdiyi səfərlər barədə qonağı məlumatlandıraraq, oxşar səfərlərin Argentinaya da edilməsini mümkün kimi qiymətləndirib. Katolik dünyası ilə əlaqələrimiz barədə danışarkən, Şeyxülislam A.Paşazadə 2002-ci ildə Roma Papası II İohan Pavelin Azərbaycana səfərini, Azərbaycanda Multikulturalizm ili elan olunan 2016-cı ildə Roma Papası Fransiskin Bakıdakı Heydər məscidində etdiyi tarixi çıxış və dini konfessiya başçıları ilə görüşünü xatırladıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Latın Amerikasında, o cumlədən Argentinada yayılmasının vəziyyəti barədə Şeyxülislamın suallarını səfir ətraflı cavablandırdı. Argentinanın katolik icmasından sonra ikinci yerdə gələn müsəlman icması barədə danışan səfir oradakı erməni icmasının fəaliyyətinə də toxunub.