Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşeinin (Aleksandr Ata) dəfn olunacağı yer müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Belə ki, mərhum Aleksandr İşeinlə iyunun 13-də vida mərasimi keçiriləcək və vida mərasimindən sonra o, dəfn ediləcək.
Qeyd edək ki, Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Xatırladaq ki, Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərib.
1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunub, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilib, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülüb.
Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.