ABŞ-ın “Deseret News” qəzetinin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi bölməsində Azərbaycanda multikulturalizm, dinlərarası dialoq və nümunəvi dini tolerantlıq mühiti barədə məqalə dərc edilib.
“Report” xəbər verir ki, öncə məqalədə Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata aldığını və kilsə rəhbərliyinin Azərbaycan hökumətinə təşəkkür etməsi barədə yazılıb.
Azərbaycanda 993 qeydiyyatdan keçmiş icmanın fəaliyyət göstərildiyi qeyd olunan məqalədə ölkədəki nümunəvi dini tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunub saxlanılmasından bəhs edilir.
Vurğulanıb ki, əhalisinin əksəriyyətinin müsəlmanlar olan Azərbaycanda müxtəlif din və konfessiyaların nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
“Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki, məskunlaşıblar və bir xalq olaraq onlara qarşı həmişə dini dözümlülük nümayiş etdirilib. Ölkədə təxminən 12 000 yəhudi yaşayır. Azərbaycan İsrail və ABŞ-dan kənarda yəhudilərin çoxluq təşkil etdiyi yeganə ölkədir. Pravoslav rusiyalılar və gürcülər, eləcə də erməni xristianlar təxminən 280-450 min nəfə təşkil edir ki, bu da ölkə əhalisinin 3,1%-4,8%-i deməkdir”.
Məqalədə multikultural və tolerantlıq dəyərlərinin təşviqinin dövlət siyasətinə çevrildiyi, məscidlərlə yanaşı, kilsə və sinaqoqların da dövlət tərəfindən əsaslı şəkildə təmir edildiyi vurğulanıb.
Bildirlib ki, 2024-ci ilin aprelin 30-da Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard, Stirlinq Fondunun prezidenti Mayls Hansen və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Roun Bakıya səfər ediblər. Onlar Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməklə yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda da olublar.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışılıb, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulanıb.
Kilsənin qeydiyyatı təsdiqləndikdən sonra İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard göstərdikləri köməyə görə Azərbaycan hökumətinin üzvlərinə minnətdarlığını bildirib.
“Kilsə üçün belə gözəl nəticənin əldə edilməsində Prezident İlham Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bir çox başqalarının mühüm rolu olub. Onların fəaliyyəti göstərir ki, biz birlikdə dinindən və mədəni mənşəyindən asılı olmayaraq harmoniyaya nail ola bilərik”.