ABŞ-nin Stirlinq Fondunun rəhbəri QMİ sədrini Yuta ştatına səfərə dəvət edib

ABŞ-nin Stirlinq Fondunun rəhbəri QMİ sədrini Yuta ştatına səfərə dəvət edib QMİ sədri ABŞ-ın Stirlinq Fondunun idarə heyətinin rəhbəri Mayls Hanseni ilə görüşüb
Din
1 Dekabr , 2023 15:33
ABŞ-nin Stirlinq Fondunun rəhbəri QMİ sədrini Yuta ştatına səfərə dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-nin Stirlinq Fondunun idarə heyətinin rəhbəri Mayls Hanseni qəbul edib.

Bu barədə "Report"a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq günü ilə bağlı keçirilən beynəlxalq konfransı xatırladıb, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-nin Yuta ştatına builki səfərini yada salıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə ediblər.

Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu fəaliyyəti – müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səyləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, bununla bağlı qonağa təşəkkürlərini bildirib. Şeyxülislam vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı, kilsələri və digər məbədləri bərpa edir.

Stirlinq Fondunun prezidenti Edvard Rounun salamlarını çatdıran M.Hansen səmimi qəbula görə Şeyxülislam A.Paşazadəyə minnətdarlığını ifadə edib, Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını diqqətə çatdıran amerikalı qonaq ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Şeyxülislam A.Paşazadəni Yuta ştatına bir daha səfər etməyə dəvət edən qonaq QMİ sədrini bölgədə, postsovet məkanında, ümumən dünyada tanınan müdrik dini lider kimi səciyyələndirib.

A.Paşazadə ünsiyyətdə olduğu dünya dini liderlərinin Stirlinq Fondu, Yuta mormon kilsəsi haqqında müsbət fikirlərini eşitməkdən məmnunluq duyduğunu bildirib, səmimi salamlarını və ən xoş arzularını Fondun Prezidenti E.Rou cənablarına çatdırmağı xahiş edib. Bu əsnada, QMİ sədri il ərzində iştirak etdiyi qlobal dini forumlar barədə qonağa məlumat verib.

Sonda xatirə fotosu çəkilib. Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.

Son xəbərlər

Orphus sistemi