"İşğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxarılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Los-Anceles şəhərindən olan bir qrup dini icma rəhbəri ilə görüşündə deyib.
QMİ sədri qeyd edib ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edib: "Bu gün Qarabağ azaddır və oraya yenidən həyat qayıdır. Azərbaycan 44 günlük müharibədə erməni hərbçilərin cəsədlərini ölkəsinə qaytardı. Lakin Ermənistan hələ Birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların cəsədlərini qaytarmayıb. Bu, erməni xislətinin növbəti bariz nümunəsidir. Ermənistan tərəfi bütün dünyaya daim belə bir fikir aşılamağa çalışırdı ki, guya onlar müsəlman dövlətlərinin əhatəsində qalıb və burada təzyiqlərə məruz qalırlar. Bununla da Ermənistan Qarabağı işğal etməsinin əsas mahiyyətini gizlətmək və müharibəni xristian-müsəlman münaqişəsi kimi təqdim etmək istəyirdi. Lakin onların bu cəhdi baş tutmadı”.
Azərbaycandakı dini tolerant mühit barədə qonaqlara məlumat verən QMİ sədri qeyd edib ki, multikulturalizm xalqın həyat tərzidir: "Ölkədə bütün dinlərə mənsub insanlar rahat, dinclik şəraitində yaşayırlar. Azərbaycanda əsasını ulu öndər Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların rahat yaşaması, ibadəti üçün hər cür şərait yaradılıb. Bu ölkəmizdə, həmçinin dövlət siyasətidir. Azərbaycandakı dini tolerant mühitdən məmnuniyyətlə bəhs edən ölkəmizdəki dini icmaların rəhbərləri qeyd ediblər ki, burada dini-mədəni müxtəlifliyin harmoniyası mövcuddur".
"Biz Azərbaycanın uğurlarına sevinirik. Bu uğurlarda bizim də payımız var. Azərbaycan hamımızın evidir. Biz birlikdə bu evin qorunması, daha böyük uğurlar qazanması üçün çalışırıq" - çıxışlarda qeyd edilib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaqlar ölkədə dini harmoniyanın mövcudluğunu təqdirəlayiq hal kimi dəyərləndirdiklərini bildiriblər.
“Qarabağ həqiqətləri barədə verdiyiniz ətraflı məlumata görə təşəkkür edirik. Çünki bu həqiqətlər dünya mediasında bəzən düzgün işıqlandırılmır. Ona görə də bu informasiyaların dünyaya obyektiv çatdırılması olduqca vacibdir" - qonaqlar bildirib.
ABŞ-ın Los-Anceles şəhərindən olan bir qrup dini icma rəhbərləri Azərbaycana səfər çərçivəsində erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcəklər.