Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə Ərdoğana başsağlığı məktubu ünvanlayıb

Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq

Bakı. 19 fevral. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, ölkənin baş naziri Əhməd Davudoğluna və diyanət işləri başqanı Mehmet Görməzə Ankarada törədilmiş terror aktı ilə əlaqədar dəstək və başsağlığı məktubu ünvanlayıb.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Məktubda deyilir: "Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində törədilən, çoxsaylı insan tələfatı ilə nəticələnənən terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün türk qardaşlarımıza səbr və dəyanət arzulayıram. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının qətiyyətli iradəsi qarşısında puç olacaq, inşallah. Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir! Azərbaycanın bütün məscidlərində terror qurbanlarının ruhları üçün dualar oxunur, xəsarət almışlara şəfa dilənir. Qoy Uca Allah xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin! Cənabınıza dərin ehtiramımızı yetirərək, Allah-Təaladan Türkiyə dövlətçiliyinin tərəqqisi, müqəddəs dinimizin dəyərlərinin qorunması naminə gördüyünüz bütün işlərdə Sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş Türkiyə xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm. Allah köməyiniz olsun!".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi