Şeyxülislam Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşüb Başqırdıstan prezidenti ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək və prezident İlham Əliyevlə görüşmək niyyətinin olduğunu bildirib
Din
23 Oktyabr , 2015 12:06
Şeyxülislam Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşüb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən "XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri" mövzusunda VIII Beynəlxalq elmi-praktik Konfransın işində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni oktyabrın 22-də RF Başqırdıstan Respublikasının başçısı Rüstəm Həmitov qəbul edib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə respublikanın rəhbəri Ufa konfransına qatılmaqla şərəf verdiyinə və tədbirin işində yaxından iştirakına görə QMİ rəhbərinə təşəkkürünü bildirib. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda Şeyxülislam A.Paşazadə kimi müdrik insanların təcrübə və biliyinə xüsusən böyük ehtiyac olduğunu bildirən R.Həmitov Rusiyanın Baş Müftisi Talqat Tacuddin və Şeyxülislam A.Paşazadə kimi dəyərli dini liderlərin mövcudluğunu Allahın lütfü kimi dəyərləndirib.

R.Həmitov dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndirib.

Ufa konfransını önəmli kimi qiymətləndirən respublika başçısı Başqırdıstanda dini-mənəvi sahədə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib.

Azərbaycan xalqına və onun ləyaqətli rəhbərinə böyük ehtiramı olduğunu bildirən R.Həmitov qardaş salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə yetirməyi rica edib. 

O bidirib ki, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da inkişaf etməsi istəyindədir.  
R.Həmitov ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək və prezident İlham Əliyevlə görüşmək və Azərbaycanın uğurları ilə yaxından tanış olmaq niyyətinin olduğunu bildirib. Respublika rəhbəri Başqırdıstanın çox vaxt ikinci Bakı adlandırılmasına toxunaraq, azərbaycanlı neft mütəxəssislərinin Başqırdıstanın neft sənayesinin yaradılması və inkişafında önəmli rolunu minnətdarlıqla xatırladı.

Görüşdə iştirak edən Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin 35 ildən artıq müddət ərzində yaxından tanıdığı, təhsil illərindən dost, qardaş olduğu, dini liderlər olaraq səmərəli əməkdaşlıq etdiyi və Uca Yaradana xoş gedən amallar uğrunda ötən əsrdən başlayaraq çiyin-çiyinə mübarizə apardığı Şeyxülislam A.Paşazadə haqqında xoş xatirələrini Başqırdıstan rəhbərinin diqqətinə çatdırıb.
O, Şeyxülislam A.Paşazadənin təkcə Azərbaycan, Qafqaz deyil, MDB dindarlarının dini lideri olduğunu xüsusi vurğulayaraq, onun gördüyü işlərin, dəyərli təşəbbüslərin nə qədər böyük əhəmiyyət kəsb etdiyinə diqqəti çəkib.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə RF Başqirdistan Respublikasının başçısı Rüstəm Həmitova qəbul üçün dərin təşəkkürlərini bildirib. O, Azərbaycan xalqının və onun dövlət rəhbəri İlham Əliyevin səmimi salamlarını Başqırdıstan rəhbərinə və bütün qardaş başqırd xalqına yetirib.
Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri önəmli Konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından rəğbətlə söhbət açıb. Baş Müfti Talqat Tacuddinin Başqırdıstan Respublikasındakı fəaliyyətini yüksək dəyərləndirdiyini bildirən Şeyxülislam A.Paşazadə onun, Uca Allahın bərəkəti ilə, təkcə Rusiya deyil, dünya müsəlmanlarının önəmli şəxsiyyəti, nümunəvi din xadimi olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə RF Başqırdıstan Respublikasının başçısı Rüstəm Həmitovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb. O, Ufada yaşayan azərbaycanlılarla görüşləri zamanı diaspora üzvləri respublika rəhbərliyindən razılıq edib, həyat və fəaliyyətlərindən məmnunluq ifadə ediblər.

Görüşün sonunda Şeyxülislam A.Paşazadə  R.Həmitova Qurani-Kərim və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri, öz növbəsində, xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim etdi.

Görüş xatirə fotosunun çəkilişi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi