Yuxarı

Rəsmi Bakı İƏT-in İslam dini ilə bağlı yanlış təsəvvürləri dəf etmək məqsədilə gördüyü işləri təqdir edir

E.Məmmədyarov: Biz müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısını almaq üçün də səylərimizi əsirgəməməliyik

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin İslamafobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edir.

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı zamanı bildirib.

"Biz müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısını almaq və İslamafobiyanın tezlik və bədnamlığının qəbuledilməz şəkildə artmasını dayandırmaq üçün də səylərimizi əsirgəməməliyik. Dünya üzrə dini və mədəni müxtəlifliyin başa düşülməsi və onlara hörmət terrorizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək. Bu xüsusda biz İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin İslamafobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edirik".

Onun sözlərinə görə, Azərbaycan öz tərəfindən həmişə multikultural və dinlərarası dialoqun təşviq edilməsi və gücləndirilməsinə töhfə verməyə çalışıb.

"Biz müxtəlif dinlər, millətlər və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanı təmin etməyə yönəlmiş çoxlu sayda tədbirlərə ev sahibliyi etmişik. Mədəni və dini müxtəlifliyə əsaslanan ayrı-seçkilik olmayan cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun bariz nümunəsidir. Mənim ölkəm bu ilin aprel ayında keçirilmiş “İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün qürur duyur. Bu bir daha Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında konstruktiv qarşılıqlı əlaqənin gücləndirilməsi, sivilizasiyalar arasında beynəlxalq səviyyədə daha geniş qarşılıqlı anlaşma və hörmətin təşviq edilməsinə dair sadiqlik və ithafını təsdiq edib", - deyə E.Məmmədyarov əlavə edib.

Nazir bildirib ki, Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və İslami dəyərlərin təşviq edilməsinə dair sadiqliyi də yaxşı məlumdur:

"Biz gələn il Bakı şəhərində 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməkdən böyük şərəf duyacağıq və ümid edirik ki bu tədbir müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq əlaqələrini gücləndirməyə kömək edəcək".

XİN rəhbəri son olaraq İƏT-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi və ərazilərinin işğalı ilə bağlı ardıcıl və prinsipial mövqeyini yüksək qiymətləndirdiyini deyib:

"Biz İƏT-in Ermənistanın Azərbaycanna qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması ilə bağlı 13-cü İslam Sammitinin qərarını alqışlayırıq. Məmnunluqla bildirmək istərdim ki, Kontakt Qrupun ilk iclası üç gün əvvəl burada, Nyu-Yorkda İllik Əlaqələndirmə Görüşü çərçivəsində müvəffəqiyyətlə keçirilib. Mən Kontakt Qrupa daxil olan Üzv Dövlətlərə öz təşəkkürümü bildirmək istəyirəm və bir daha bütün Üzv Dövlətlərdən Kontakt Qrupun ədalət və beynəlxalq hüquqa hörmətin təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləməyi xahiş edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi