​Mübariz Qurbanlı: “İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu var”

​Mübariz Qurbanlı: “İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu var” Oğuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
Din
13 Mart , 2015 18:18
​Mübariz Qurbanlı: “İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu var”

Bakı. 13 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 13-də Oğuz şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb. Bu barədə “Report”a komitənin mətbuat xidmətindən bildirilib.

İki gün davam edəcək tədbirdə ölkənin şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edib. O bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və ölkədə müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.

Konfransda DQİDK-nin sədri Mübariz Qurbanlı çıxış edərək, respublikanın müxtəlif regionlarında keçirilən belə tədbirlərin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ciddi uğurlara imza atmaqdadır. Azərbaycan sürətlə inkişaf edir, hər yerdə abadlıq, quruculuq işləri gedir: “Ölkəmizin sosial-iqtisadi inkişafı yüksək səviyyəyə çatıb. Ermənistanın təcavüzü, ərazimizin 20 faizinin işğal altında olması və digər çətinliklərə baxmayaraq, Azərbaycan bölgədə güclü, lider bir dövlətdir. Azərbaycanın sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir”.

“Azərbaycan İslam dövlətlərinin içərisində özünəməxsus yeri və rolu olan ölkələrdən biridir. İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu var. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında öz sözünü deyə bilən bir ölkədir”, - Mübariz Qurbanlı diqqətə çatdırıb.

Vurğulanıb ki, ölkədə dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Konfrans daha sonra işini plenar iclaslarla davam etdirib.

Həmin gün DQİDK-nin sədri Mübariz Qurbanlı və rayonda səfərdə olan BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk Oğuz şəhərindəki Cümə məscidinə, alban məbədi və sinaqoqlara baş çəkib, tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi