Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələrini qəbul edib

Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələrini qəbul edib Görüşdə Fransanın Yəhudi icması ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Din
8 İyul , 2016 18:02
Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələrini qəbul edib

Bakı. 8 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 8-də Fransa Yəhudi icmasının nümayəndələrini və Fransada fəaliyyət göstərən Valiske Assosasiyasının rəhbəri Andre Kosmicki, Sorbon Universitetinin professoru Arianne Bendavidi, Fransa ictimaiyyətində tanınan yəhudi əsilli ziyalıları və iş adamlarını qəbul edib.

Bu barədə "Report" Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran M.Qurbanlı yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Dövlət Komitəsinin sədri ölkədə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətlərinin mühüm rol oynadığını vurğulayıb.

Valiske Assosasiyasının rəhbəri Andre Kosmicki multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil.

Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, Fransada Yəhudi icması ilə əməkdaşlıq məsələsi müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi