Yuxarı

Kabardin-Balkar Müsəlmanlarının VII Qurultayı keçirilib

QMİ sədri də qurultaya qatılıb

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində Kabardin-Balkar Müsəlmanlarının VII Qurultayı keçirilib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Qurultayda Kabardin-Balkar Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri, müfti, və qazı vəzifələrinə seçkilər keçirilib. Nümayəndələr təftiş komissiyasının yeni üzvlərini də seçiblər. Qurultayda Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Şeyxülislam Allahşükür Paşazadə qurultayda çıxış edib. QMİ sədri çıxışında Kabardin-Balkar xalqına və onun rəhbərliyinə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin salamlarını çatdırıb. Rusiya dövlət rəhbərliyi tərəfindən ənənəvi İslama verilən dəstəkdən, daimi qayğıdan və Rusiya vətəndaşlarının, o cümlədən müsəlmanların ənənəvi dəyərlərinin qorunmasından və mənəvi keyfiyyətlərinin himayəsindən məmnunluğunu ifadə edən şeyxülislam bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilən RF milli təhlükəsizlik strategiyasını xatırladıb. Həmin sənəddə Rusiya Federasiyası xalqlarının tarixlə formalaşmış vahid mənəvi-əxlaqi və mədəni-tarixi dəyərləri sistemi, eləcə də Rusiya Federasiyasının çoxmillətli xalqının özünəməxsus mədəniyyətinin Rusiya mədəniyyətinin ayrılmaz hissəsi olduğu qeyd edilir.

QMİ rəhbəri Rusiyanın terrorun, xüsusilə də öz mənfur əməllərilə böyük dünya dinlərindən olan İslamın adını ləkələyən, öz zorakılıqları ilə dünya birliyinin gözündə İslamın adının terror, vandalizm və cəhalətlə birlikdə çəkilməsinə cəhd edən “İslam dövləti” kökünün kəsilməsi istiqamətində Rusiyanın səylərini dəstəklədiyini bildirdi, ekstremizmə və radikallığa yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini təşkilatların birgə səylərilə qalib gəlinə biləcəyinə əminliyini ifadə edib.

“Rusiya Federasiyasının, həmçinin Azərbaycan Respublikasının dövlət siyasəti insanları milli və dini əlamətlərinə görə ayırmayan bir siyasətdir. Vətəndaşlarımız arasında nifaq toxumları səpmək cəhdləri uğursuzluğa məhkumdur. Bunun zamini xalqlarımızın və onların rəhbərlərinin müdrikliyidir” – deyə şeyxülislam çıxışında bildirib.

Qurultay iştirakçıları hesabat dövründə Ruhani İdarəsinin işini qənaətbəxş hesab ediblər və yekdilliklə Həzrətəli Dzasejevin namizədliyini dəstəkləyərək növbəti beş il müddətinə onu Kabardin-Balkar MRİ sədri və müftisi seçiblər.

Qurultaydan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikası Başçısı Administrasiyasının rəhbəri Muhammed Kodzokovla görüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi