Yuxarı
    Bağlamaq

    Parisin İslam Elmləri Fakültəsinin rektoru: “Azərbaycan müstəqilliyini qazanan kimi insanlar dinlərinə qayıtdılar”

    Paris. 24 dekabr. REPORT.AZ/ “Azərbaycanda yaradılmış dünyəvilik insanları sülh şəraitində və bərabər formada dininə inancını həyata keçirmək üçün zəmanət verir”.

    Bunu Parisin İslam Elmləri Fakültəsinin (FSİP) rektoru, Avropa Müsəlmanları Forumunun büro üzvü Nurəddin Belut “Report“un Qərbi Avropa bürosuna açıqlamasında bildirib.

    O qeyd edib ki, uzun illər ərzində Azərbaycan Sovet İttifaqının tərkibində olub və bu dövrdə digər respublikalarda olduğu kimi, Azərbaycanda da din uzaqlaşdırılaraq tabuya çevrilib: “Lakin hamıya məlumdur ki, insanlar zorla dinlərindən uzaqlaşdırıldıqları təqdirdə və bu səbəbdən təqib olunduqları halda dinlərinə daha artıq bağlanırlar. Bu səbəbdəndir ki, Azərbaycan müstəqilliyini qazanan kimi insanlar dinlərinə qayıtdılar. Çunki insanların qidalanmaq kimi maddi, sevilmək və ünsiyyətdə olmaq kimi sosial ehtiyacları ilə bərabər, mənəvi ehtiyacları da var ki, buna səbəbdən dinə üz tuturlar. Bu gün Azərbaycan dünyəvilik kimi bir yolu tutub və eyni zamanda bütün insanlara azad şəkildə öz dinlərinə inanmaq və inanclarını həyata keçirmək üçün lazımi şərait yaradıb”.

    Nurəddin Belhut bildirib ki, dünyəvi ölkələrdə yaşayan insanların da özünü tapması üçün mənəvi qida mənbəyi olan dinə ehtiyacları var: “Bu gün Fransada artıq həyat atributları müəyyən qədər yüksək səviyyəyə gəlib çatmış insanlar arasında belə hallara çox tez-tez rast gəlirik. Bu şəxslər öz mənəvi ehtiyaclarını ödəmək məqsədi ilə yoqa, yaxud digər mənəvi rahatlıq gətirən üsullara üz tutur ya da din ilə maraqlanmağa başlayırlar. Maddi ehtiyacı olmayan insanlar öz həyatlarının mənasını axtarmağa başlayırlar. Mənim rəhbəri olduğum Paris İslam fakultəsi özəl təhsil ocağıdır. Bizə gənclər ilə yanaşı məhz belə insanlar da müraciət edirlər ki, onlar mənəvi rahatlıqlarını islam dinində tapmağa çalışırlar”.

    Onun sözlərinə görə, dünyəviliyi digər müsəlman dövlətlərində də tətbiq etmək cəhdləri olub. “Hələ keçən əsrin 30-cu illərində Əlcəzair Fransanın əsarəti altında olan zaman alim və professorlarını dünyəviliyi öyrənmək və ölkələrində tətbiq etmək üçün Fransaya göndərirdi. Müsəlman ölkələrində dünyəviliyin yaradılması hələlik mümkün olmayıb. Çünki, dünyəviliyə birmənalı şəkildə yanaşılır. Bu baxımdan, Azərbaycandakı dünyəvilik modelindən nümunə kimi istifadə oluna bilər. Azərbaycanda yaradılmış dünyəvilik modeli istər müsəlmanları, istər yəhudiləri və yaxud digər dindən olan insanları sülh şəraitində və bərabərlik zəminində öz inanclarını həyata keçirmələrinə zəmanət verir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi