Yuxarı

​Sabir Həsənli: "Heydər" məscidi bu ilin sonuna kimi ibadətə açılacaq"

Məscidin konkret imamı və ya axundu yoxdur, cümə namazını qıldırmaq üçün hər həftə bir axund dəvət olunacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ "Bakının Binəqədi rayonu ərazisində inşa olunan "Heydər" məscidi bu ilin sonuna kimi ibadətə açılacaq". Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Sabir Həsənli bildirib.

O qeyd edib ki, məsciddə ilk cümə namazı bu ilin noyabrın 27-də qılınıb: "Məsciddə ilk cümə namazı İSESKO-nun tədbirinə qatılmaq üçün Azərbaycana gələn 52 dövlətin nümayəndələrinin iştirakı ilə qılındı. İnşallah məscid ilin sonuna kimi ibadətə açılacaq".

S.Həsənlinin sözlərinə görə, "Heydər" məscidində eyni vaxtda 5000-7000 dindar namaz qıla biləcək: "Məscidin 20 hektardan artıq ərazisi var. Məscidin qarşısında olan zeytun bağları da oranın mülkiyyətinə verilib. Arxa tərəfdə 4 mərtəbədən ibarət mərasim zalları tikilib, yuyucuxanası var. Meyitləri daşımaq üçün maşınlar ayrılıb. Məscid rəsmi olaraq ötən ilin  dekabrın 26-da açılıb. Amma müəyyən işlərin tamamlanması üçün zamana ehtiyac var idi".

S.Həsənli bildirib ki, məscidin konkret imamı və ya axundu yoxdur, cümə namazı qıldırmaq üçün hər həftə bir axund dəvət olunacaq: "Hər dəfə bir axundun dəvət olunması çox faydalı üsuldur. Rayonlarda olan axundlarımız da gəlib "Heydər" məscidində cümə namazı qıldıra biləcək. Eləcə də ibadətə gələn insanlar rayonlarda çalışan axundları tanımaq imkanı qazanacaqlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi