Yuxarı
    Bağlamaq

    Dini radikalizmə qarşı mübarizə tədbirləri ilə bağlı “dəyirmi masa” təşkil olunub

    Dini radikalizm cəmiyyətin bir parçası olan ordu üçün də çox təhlükəlidir

    Bakı. 16 mart. REPORT.AZ/ Müdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2016-cı il – “Multikulturalizm ili” üçün tədbirlər planına əsasən “Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

    Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    “N” hərbi hissəsində təşkil olunan “dəyirmi masa”nı nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani açaraq bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təsdiq etdikləri tədbirlər planı barədə məlumat verib. Qeyd edilib ki, plana əsasən birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər kollektivlərdə seminar-müşavirələr, “dəyirmi masa”lar, söhbət və disputlar, görüşlər, mühazirələr və digər mədəni-kütləvi tədbirlərin təşkilinə artıq start verilib. Bu tədbirlər şəxsi heyətin milli mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyi kimi, onların mənəvi-psixoloji hazırlığında, vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində də mühüm rol oynayır.

    Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib. Ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib. Lakin Azərbaycanda dini sahədəki tolerantlıq xalqımız üçün xarakterik olmayan bəzi sekta və cərəyanlara da fəaliyyət imkanı verib. Hətta bu qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti bir çox hallarda xalqımız və dövlətçiliyimiz üçün təhlükəli fəsadlar da yaradıb. Məhz bu səbəblərə görə 1997-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə dini təbliğat aparmaq qadağan edilib.

    Vurğulanıb ki, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan ordu üçün də çox təhlükəlidir. Ona görə də keçirilən “dəyirmi masa”nın mövzusu və qarşısına qoyduğu məqsəd çox aktualdır və önəmlidir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib, qurumun fəaliyyəti barədə “dəyirmi masa” iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrıdır. Buna görə də dövlət-din münasibətlərini tənzimləmək məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ictimaiyyətlə, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrini daim genişləndirir, məqsədyönlü tədbirlər həyata keçirərək qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.

    Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verən məruzəçi onların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib, “dəyirmi masa” iştirakçılarının suallarını cavablandırıb.

    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Sumqayıt və Abşeron rayonu üzrə nümayəndəsi Hacı Rauf Sərdarovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Cahandar Əlifzadənin çıxışları da maraqla qarşılanıb.

    Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Elşad Əbilov sonda “dəyirmi masa”nın qonaqlarına komandanlıq adından minnətdarlığını bildirib. O, bu tədbirin qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin fəaliyyətinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi