Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib Dövlət Komitəsi tərəfindən "Multikulturalizm ili" çərçivəsində ümumilikdə 150-dən artıq tədbir keçirilib
Din
27 Dekabr , 2016 13:40
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, Komitə sədri Mübariz Qurbanlı bildirib ki, 2016-cı il Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qaldı: "Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atdı. Bu ilin aprelində cəbhədə baş verən hadisələr və Azərbaycan Silahlı Qüvvələrinin düşmənə verdiyi cavab ordumuzun qüdrətini göstərdi. Eyni zamanda, Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoydu. Cari ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini qurumların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının həyata keçirilməsi, dini maarifləndirmə işinin təşkili, dini radikalizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənələrinin təbliği və təşviqi sahəsində planlı və ardıcıl tədbirlər həyata keçirilib. Xüsusilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində Prezident İlham Əliyevin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq ölkə və beynəlxalq səviyyədə ardıcıl iş aparılıb”.

Onun sözlərinə görə, cari ildə 101 İslam, 4 qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların ümumi sayı 749-a çatıb: "İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsilə bağlı 33 müraciət daxil olub. Bunlardan 24 sənəd qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb. Ümumilikdə 2016-cı ildə 9 ixtisaslaşdırılmış satış məntəqəsinə razılıq verilib. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib".

M.Qurbanlı deyib ki, Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərin, o cümlədən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda maarifləndirici kitab və broşürlər nəşr olunub: "Bunlara misal kimi, “Ümummili Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri”, “Multikulturalizm”, “İşğal altındakı tarixi-dini abidələrimiz (ingilis dilində)”, “Dini plüralizm”, “Ən gözəl mübahisə”, “Quran qissələri”, “İslamda qadın haqları”, “İslamda yas və dəfn mərasimləri”, “Martin Lings. Həzrət Məhəmməd”, “Vəhdət: ayə və hədislər işığında”, “Dünyəvi dövlətdə dinin yeri”, “Radikalların suallarına cavablar”, “İslamda vətənpərvərlik”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Nurçuluq və Fətullah Gülən hərəkatı”, “Milli-mənəvi dəyərlər: qorunması zəruri olan dəyərlərimiz”, “Dövlətçiliyimizin qorunmasında milli-mənəvi dəyərlərin rolu” və s. nəşrləri göstərmək olar. Dövlət Komitəsi hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə dini radikalizmlə mübarizə istiqamətində 50-dən artıq tədbir həyata keçirib. Həmçinin, Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planı çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 30-dan artıq tədbir təşkil olunub. Bununla yanaşı, Dövlət Komitəsi ilə Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə 24 tədbir həyata keçirilib. Dövlət Komitəsi bu il ərzində dini maarifləndirmə istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 tədbir həyata keçirib".

Komitə sədri vurğulayıb ki, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli sərəncamına əsasən 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumalarla İş üzrə Dövlət Komitəsinə 2.5 milyon manat vəsait ayrılıb: "Cari ildə sərəncamda göstərilən istiqamətlər üzrə maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilib və 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək islam dini icmaları tərəfindən təqdim edilən 136 layihə maliyyələşdirilib. Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində ümumilikdə 150-dən artıq tədbir keçirilib.

M.Qurbanlı il ərzində 12 mərkəzi şəhərdə (Sumqayıt, Siyəzən, Hacıqabul, Qəbələ, Ağdaş, Göygöl, Balakən, Qazax, Ağsu, Beyləqan, Kürdəmir, Biləsuvar) qəbul keçirdiyini də söyləyib: "Qəbullarda əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmalara maliyyə yardımının ayrılması, məscid və dini icmaların kitablarla təmin edilməsi, “Quran” kurslarının təşkili, məscidlərin təmiri, dini məzmunlu məhsulların satışı üzrə ixtisaslaşdırılmış məntəqələrin yaradılmasına razılıq verilməsi və s. məsələlər ön plana çəkilib".

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi