Amerikalı pastor: “Azərbaycan müsəlmanlar, yəhudilər və xristianların firavan yaşadığı dünyəvi demokratik dövlətdir”

Amerikalı pastor: “Azərbaycan müsəlmanlar, yəhudilər və xristianların firavan yaşadığı dünyəvi demokratik dövlətdir” "Azərbaycanda bu dəyərlər olduqca güclüdür"
Din
1 Sentyabr , 2016 16:06
Amerikalı pastor: “Azərbaycan müsəlmanlar, yəhudilər və xristianların firavan yaşadığı dünyəvi demokratik dövlətdir”

Bakı. 1 sentyabr. REPORT.AZ/ Amerikalı pastor və müəllim, həmçinin, Los Ancelesdəki "Centro Cristiano" kilsəsinin baş keşişi Juan Carlos Mendez “Pakistan üçün dua edək, hamımız üçün dua edək”. Məqalədə Azərbaycanda dinlərarası və multikultural harmoniyanın mövcudluğuna geniş yer ayrılıb. “Report” “The Daily Caller” nəşrində dərc edilən həmin məqaləni təqdim edir:

Bu yaxınlarda Britaniyanın "The Independent" qəzetində oxuduğum "Pakistanda xəstəxanaya edilmiş hücumla bağlı heşteqlər niyə yoxdur?" başlıqlı məqalə məni çox narahat etdi. Məqaləni oxuduqdan sonra anladım ki, bütün dünya üçün sülh və mərhəməti təbliğ edən vasitələr, həm də olduqca qıcıqlandırıcı və narahatedici ola bilər.

Həftənin bazar ertəsi gününə təsadüf edən 8 avqust tarixində əksəriyyəti hüquqşünaslar və jurnalistlərdən ibarət olan kütlə həmin gün səhər qətlə yetirilmiş məşhur hüquqşünasın cənazəsini müşayiət etmək üçün göz yaşı içərisində Kvettadakı xəstəxanaya axışmışdı. Bu zaman kütlə canlı bombanın hücumuna məruz qaldı, nəticədə 70 günahsız insan həyatını itirdi, 100-dən çox adam yaralandı. Terrorçu partlayış üçün xəstəxananı hədəf seçmişdi, çünki bura insanların kömək üçün ən çox müraciət etdikləri yer idi.

Bu barədə düşünərək mən öz cəmiyyətimizə - ədavətin qurbanı olmuş ölkələrin və millətlərin bayraqlarını profil şəkli edən, Paris, Nitsa, Orlando, Brüssel və digərləri üçün dua istəyərək heşteqlər paylaşan şəxslərə nəzər salıram. Hamının diqqətini bir məsələyə yönəltmək istəyirəm. Bəs nə üçün cəmi bir neçə həftə öncə günahsız insanların qətlə yetirildiyi Pakistana bu cür dəstək nümayiş edilmədi?

Elə bu barədə düşünərkən Cənubi Qafqazda yerləşən, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan, həmçinin, dinlərarası və multikultural harmoniyanın beynəlxalq modeli kimi tanınan ölkəyə etdiyim son səfər yadıma düşür. Azərbaycan müsəlmanlar, yəhudilər və xristianların eyni hüquqlara sahib olaraq firavan yaşadığı dünyəvi demokratik dövlətdir.

Səfərim zamanı fərqli dini etiqadların vəhdəti olan bu ölkədə zəngin xristian irsinin olduğuna şahidlik etdim. Əslində Azərbaycan xristianlığı dövlət dini kimi qəbul etmiş (313-cü il) erkən dövlətlərdən biri olmuşdur. Mən Azərbaycanda dinc şəraitdə yaşayan xristianları təmsil edən liderlərlə, həmçinin, ölkədəki yəhudi və müsəlman icmalarının rəhbərləri ilə görüşdüm. Bundan əlavə, bütün Qafqaz regionunun Baş Müftisi və ən əsası da dünyada yeganə sünni-şiə şeyxi olan hörmətli Şeyxülislamla da görüşmək imkanım oldu.

Səfərimin digər vacib məqamı Bakıdakı Erməni Apostol Kilsəsinə baş çəkməyim idi. Bu kilsə bir neçə il öncə Azərbaycan hökuməti tərəfindən bərpa edilmişdir və hal-hazırda da Prezidentin şəxsən nəzarəti altında qorunur. Bu gözəl memarlıq abidəsində 5,000-dən çox qədim erməni kitabı, o cümlədən 300 illik tarixə malik Bibliya saxlanılır.

Mən, həmçinin, fərqli dinlərə və mədəniyyətlərə mənsub şəxslərin dinc şəraitdə yaşadığı Azərbaycanın əsrlər boyu qazandığı uğur və nailiyyətləri barədə danışmaq üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə baş çəkərək Multikulturalizm və Dinlərarası Məsələlər üzrə Prezident Müşaviri, görkəmli alim, professor Kamal Abdulla ilə görüşdüm. Dünyada fərqli etiqadlara mənsub şəxslər arasında dinc münasibətlərin yaradılmasının ən önəmli faktor olması barədə Kamal Abdulla ilə eyni fikirdə idik. Çünki Azərbaycanda bu dəyərlər olduqca güclüdür, onlar işğal, etnik təmizləmə və hətta 100 illik Sovet müstəmləkəçiliyi dövründə də qorunub saxlanılmışdır.

Pakistandakı terror qurbanları və onların ailələri üçün dua edərkən bu xatirələr yadıma düşdü. Mən bütün dünyada sülh olmasını istəyirəm və bu məqamda bir sual məni çox düşündürür: Görəsən, Azərbaycan kimi ölkələri daha çox insan tanısaydı, bizim günahsız qurbanlar vermiş ölkələrə münasibətimiz dəyişərdimi? Əgər Azərbaycanı daha yaxşı tanıyıb araşdırsaydıq bizim cəmiyyətlərdə də bu cür güclü dəstək nümayişi olardımı? Dünyadakı digər günahsız qurbanlar üçün edildiyi kimi Pakistandakı terrorda dünyasını dəyişmiş günahsız müsəlmanlar üçün də şəkillər və heşteqlər paylaşılardımı?” 

Son xəbərlər

Orphus sistemi