Yuxarı

Allahşükür Paşazadəyə Rusiya prezidentinin təşəkkürnaməsi təqdim edilib

QMİ sədri: Prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında münasibətlərin də möhkəm əsası var

Bakı. 29 may. REPORT.AZ/ Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə Rusiya prezidenti Vladimir Putinin təşəkkürnaməsini təqdim edib. 

"Report" xəbər verir ki, səfir çıxışında şeyxülislamın konfessiyalararası əlaqələrin və xalqlar arasında sosial-mədəni əlaqələrin qurulmasında xidmətlərinə görə Rusiya prezidentinin təşəkkürnaməsinə layiq görüldüyünü qeyd edib.

“Mənə tapşırılıb ki, sizə bunu elan edim və dövlət mükafatı olan təşəkkürnaməni təqdim edim. Siz artıq Rusiya Federasiyasının orden və mükafatlarına – “Dostluq” və “Şöhrət” ordenlərinə, habelə I dərəcəli “Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir”, I dərəcəli “Müqəddəs Sergey Radonejski”, Rus Pravoslav Kilsəsinin “Şöhrət və şərəf” ordenlərinə layiq görülmüsünüz. Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında bir çox ölkələr üçün nümunə ola biləcək münasibətlər yaranıb”, - V.Doroxin deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu gün çox xoş gündür: "16 xarici mükafatım olsa da, Rusiyanın mükafatları mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Tale elə gətirib ki, biz birlikdə böyük bir yol keçmişik, vaxtilə hamımız üçün ümumi olan bir ölkəni birlikdə qurmuşuq, birlikdə döyüşmüşük, Vətəni müdafiə etmişik. İndi də ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. SSRİ dağıldıqdan sonra Rus Pravoslav Kilsəsinin xaricdə ilk yeparxiyası Azərbaycanda açılıb. Rusiya Federasiyasının mükafatı bir daha təsdiq edir ki, siyasi sərhədlər bizi mənəvi cəhətdən ayıra bilməz. Ümummilli lider Heydər Əliyev və Vladimir Putin münasibətlərimizə xüsusi status veriblər. Prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında münasibətlərin də möhkəm əsası var”.

Şeyxülislam Rusiya prezidenti Vladimir Putinin ona münasibətini xüsusi vurğulayıb: “Vladimir Putin mənə yüksək etimad göstərir. O, görüşlərimiz zamanı bunu dəfələrlə söyləyib. Mən isə həmişə bu etimadı doğrultmağa çalışmışam”.

A.Paşazadə Dağlıq Qarabağ münaqişəsinin dini qarşıdurmaya çevrilməməsi üçün birlikdə böyük iş apardığı patriarxlar Aleksi və Kirill ilə görüşlərini xatırladıb.

QMİ-nin sədri qeyd edib ki, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu və RF-in Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında dostluq və etimadın möhkəmlənməsi üçün böyük səy göstərirlər.

A.Paşazadəni mükafat alması münasibətilə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli təbrik ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi