Yuxarı

Allahşükür Paşazadə Tacikistanda təbii fəlakətdən zərər çəkmiş ailələrə 10 min dollar yardım edib

Azərbaycan xalqı terrorun və ekstremizmin nə olduğunu yaxşı bilir

Bakı. 23 iyul. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində səfərdə olub. 

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə səfərin ilk günü A.Paşazadə Tacikistan Respublikası Hökuməti yanında Dini işlər, milli adət-ənənə və mərasimlərin tənzimlənməsi üzrə Komitənin sədri Süleyman Davlatovla görüşüb. 

Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbədə dünyanın 34 ölkəsini təmsil edən tanınmış dövlət, din və elm xadimlərinin iştirakı ilə keçirilən "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri şeyxülislam A.Paşazadə iyulun 22-də məruzə ilə çıxış edib. Düşənbədə keçirilən beynəlxalq tədbirin ümumbəşəri əhəmiyyət kəsb edən məsələyə həsr olunduğunu qeyd edən şeyxülislam A.Paşazadə Tacikistan dövlətinin İslam irsinin beynəlxalq müstəvidə təbliği işinə öz töhfəsini verməsini dəyərli hal kimi səciyyələndirib.

Son vaxtlar dünyada baş verən ekstremist çıxışlarını, qanlı terror aktlarını, habelə təkfirçilik təzahürlərini qətiyyətlə pisləyən Şeyxülislam, belə əməllərin qarşısının yalnız xalqların qətiyyətli iradəsi, dövlət rəhbərlərinin məsuliyyətli qərarları, din xadimləri və cəmiyyətin bütün təbəqələrinin birgə səylərilə alına biləcəyini vurğulayıb. QMİ sədri bu yolda düzgün dini maarifləndirmə işinin və gənc nəslin dini dəyərlər, əxlaqi-mənəvi keyfiyyətlər ruhunda tərbiyəsinin böyük önəm kəsb etdiyini bildirib.

Beynəlxalq konfrans iştirakçılarının diqqətini Qarabağ münaqişəsinə yönəldən QMİ sədri bildirib ki, 25 ildən artıq müddət ərzində işğal və etnik təmizləmə siyasətinin acı nəticələrini yaşayan, Qarabağın işğalının, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi maddi və mənəvi terrorunun şahidi olan Azərbaycan xalqı terrorun və ekstremizmin nə olduğunu yaxşı bilir. Şeyxülislam A.Paşazadə ekstremizmlə, terrorla, ideoloji təxribatlarla mübarizədə islami həmrəyliklə yanaşı bütün səmavi din ardıcıllarının dialoq və əməkdaşlığını təsirli vasitə kimi dəyərləndirib. Şeyxülislam terror və ekstremizm hallarına son qoyulması yönündə dinlərarası dialoq, məzhəblərarası anlaşmanın vacib olduğunu bildirərək, multikulturalizm və tolerantlığın Azərbaycanda mövcud nümunəvi modelindən bəhrələnməyin ümumbəşəri önəmini xüsusi vurğulayıb.

Çıxışının sonunda konfransda qəbul ediləcək qərarlarla bağlı konkret tövsiyə və təkliflər verən şeyxülislam A.Paşazadə bu yaxınlarda Tacikistanda baş vermiş təbii fəlakətlə bağlı qardaş tacik xalqına, onun rəhbərliyinə, yaxınlarını itirən ailələrə başsağlığını bildirib. QMİ sədri təbii fəlakətdən zərər çəkmiş ailələrə Azərbaycan müsəlmanları adından 10 min ABŞ dolları məbləğində maddi yardım təqdim etdiyini bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi