Yuxarı

Allahşükür Paşazadə: "İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə laqeyd qala bilmirik"

Ayətullah Məkarim Şirazi Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” adlı Beynəlxalq konfransın işinə qatılıb. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dünyanın 83 ölkəsini təmsil edən tanınmış müsəlman din alimləri və nüfuzlu ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirin gündəmindəki mövzular dünyada baş verən münaqişə və savaşlara, radikallıq və ekstremizm tendensiyalarına, din adı ilə törədilən terror və cinayətlərə, həmçinin belə qlobal problemlərdən çıxış yollarına həsr edilib.

Beynəlxalq tədbirin təşkilatçısı olan Ayətullah Məkarim Şirazi konfransın keçirilməsinin iki başlıca məqsəd daşıdığını söyləyib: “Əvvəla məqsədimiz məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır. İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir”.

Tədbir çərçivəsində Ayətullah Məkarim Şirazi Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

QMİ sədri tədbirin təşkilatçısına səmimi qəbula görə öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. O, vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.

Ayətullah Məkarim Şirazi öz növbəsində dəvəti qəbul edib konfransa qatıldığına görə Şeyxülislam Allahşükür Paşazadəyə öz minnətdarlığını bildirib və Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmasını xahiş edib.

Noyabrın 24-də Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri bunları deyib: “Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə, qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

Şeyxülislam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb: “Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi