Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
- 02 aprel, 2026
- 15:54
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.
İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
* Şəxsiyyət vəsiqəsinin surəti;
* İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
* Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
* Diplomun surəti;
* Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.
Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər.