İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Hadisə
  • 17 noyabr, 2026
  • 11:19
İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.