Əli Əsədov: Orta Dəhliz üzrə tranzit daşımalarda artım 2025-ci ildə 11 %-ə yaxın təşkil edib
- 02 aprel, 2026
- 11:11
Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır, 2025-ci ildə bu artım 11 %-ə yaxın təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq nəqliyyat və logistika baxımından mühüm əhəmiyyətə malikdir:
"Bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Bu xüsusda Orta Dəhlizin önəmi ayrıca vurğulanmalıdır. Son dövrdə bu marşrut Avrasiyanın nəqliyyat xəritəsində ən perspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinə çevrilməkdədir. Birgə səylərimiz nəticəsində Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır. 2025-ci ildə bu artım 11%-ə yaxın təşkil edib (5 mln ton)".
Baş nazir vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr yatırmış, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb.