“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.
“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.
Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.
Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.
“Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.