Ukrayna ABŞ-yə ildə 10 milyon dron istehsalını nəzərdə tutan saziş imzalamağı təklif edib
- 21 avqust, 2025
- 11:38
Ukrayna ABŞ-yə beş il ərzində ildə 10 milyon dron istehsalını nəzərdə tutan 50 milyard dollar dəyərində saziş bağlamağı təklif edib.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
"Dronlara gəlincə: hazırladığımız 50 milyard dollarlıq drone deal (saziş - red.) ABŞ tərəfinə təklif edilib: 5 il, ildə 10 milyon dron. Bu, böyük bir proqramdır. Yəqin ki, müharibədən sonra həyata keçiriləcək", - o bildirib.
Bundan əlavə, Ukrayna Prezidenti qeyd edib ki, bu ilin dekabr ayının sonunda və ya gələn ilin yanvar-fevral aylarında uzaqmənzilli "Flaminqo" qanadlı raketinin kütləvi istehsalına başlanacaq.
"Bu, hələlik malik olduğumuz ən uğurlu raketdir. O, 3000 kilometr məsafə qət edir, bu önəmlidir", - o əlavə edib.