Yuxarı

​UNİCEF: Fəllucada 20 min uşaq yaşayır

Heter Hokins: Böyüklərin savaşında onları silah daşımağa məcbur edirlər

Bakı. 1 iyun . REPORT.AZ/ "İŞİD terrorçu qruplaşmasının nəzarəti altında olan İraqın Fəlluca bölgəsində azı 20 min uşaq yaşayır". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu UNİCEF-in İraq üzrə təmsilçisi Heter Hokins yaydığı yazılı açıqlamada bildirib.

"Fəllucada ən azı 20 min uşaq yaşayır. Şəhərdə ərzaq bitmək üzrədir. İçməli su tapmaq çətinləşib. Əməliyyatlar başlayandan az sayda ailə Fəllucanı tərk edib. Bəzi ailələr çadır düşərgələrinə, bir hissəsi isə qohumlarının evlərinə sığınıb.

Həddindən artıq zorakılığa məruz qalan uşaqların müdafiəsi ilə bağlı ciddi narahatlıq var. Münaqişə zamanı uşaqlardan istifadə edilir. Onlar ailələrinin əlindən zorla alınırlar. Onların həyatları təhlükə ilə qarşı-qarşıyadır. Böyüklərin savaşında onları silah daşımağa məcbur edirlər".

UNİCEF təmsilçisi, həmçinin uşaqları münaqişə bölgələrindən təhlükəsiz bölgələrə çıxarmağa çağırıb.

Qeyd edək ki, mayın 30-dan İraq ordusu və koalisiya qüvvələri Fəllucanın terrorçulardan təmizlənməsi əməliyyatını keçirir. 

Xatırladaq ki, bu gün Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi