Yəmənin şimalında “Ansar Allah” qiyamçılarının (husilər) yerləşdirdiyi minanın partlaması nəticəsində iki uşaq həlak olub.
“Report”un məlumatına görə, bu barədə yerli “Belqees TV” mənbələrə istinadən xəbər verib.
“Cauf əyalətinin qərbində husi silahlılarının yerləşdirdiyi minanın partlaması nəticəsində iki uşaq həlak olub, onların valideynləri və qardaşı yaralanıb”, - məlumatda bildirilir.
Qeyd edilir ki, dinc əhali arasında itkilər barədə xəbərlər demək olar, hər gün daxil olur.
Daha əvvəl Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Yəməndəki münaqişənin tezliklə bitə biləcəyini bildirib. O əlavə edib ki, burada beynəlxalq diqqət ən yüksək səviyyədə olmalıdır.
Xatırladaq ki, Yəməndə husilər - şimaldakı şiə qəbilələrinin nümayəndələri ilə ölkənin hökumət qüvvələri arasında vətəndaş müharibəsi 2014-cü ilin yayından davam edir.