Yaponiya parlamentinin aşağı palatası bazar ertəsi hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kisidanı səs çoxluğu ilə “Gündoğar ölkə”nin 100-cü baş naziri vəzifəsinə seçib.
“Report” TASS-a istinadən xəbər verir ki, səsvermə parlamentin saytında yayımlanıb.
Hazırda parlamentin yuxarı palatasında da Kisidanın namizədliyi üçün səsvermə keçirilir. Qeyd edilir ki, burada deputatların əksəriyyəti ona səs verəcək - LDP-nin rəhbərlik etdiyi hakim blok parlamentin hər iki palatasında çoxluq təşkil edir.
Qeyd edək ki, Yaponiyanın baş naziri Yosihide Suqi hökuməti bir neçə saat əvvəl tam heyətdə istefaya gedib. Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir Suqi bütün hökumət üzvlərindən istefa bəyanatlarını toplayıb. Onlar yeni hökumətin qurulmasına qədər bir neçə saat öz nazirliklərinin müvəqqəti icraçısı olacaqlar.
Hökumətin yeni başçısı Fumio Kisida yeni hökumətinin tərkibini açıqlayacaq.