Yuxarı

​Yaponiyanın Naqasaki prefekturasından təxminən 100 min sakinin təxliyyə edilməsi tövsiyə olunub

Bəzi rayonlarda yolları və yaşayış evlərini su basması təhlükəsi var

Bakı. 20 iyun. REPORT.AZ/ Yaponiyanın Küsü adasının Naqasaki prefekturasında davam edən leysan yağışlar səbəbindən daşqın və sürüşmə təhlükəsi ilə əlaqədar 100 min sakinin təxliyyə edilməsi tövsiyə olunub. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, əvvəllər analoji tövsiyə ilə Kumamoto prefekturasından 50 min sakin çıxarılıb.

Leysan yağışlar Yaponiyanın cənubunda artıq neçə gündür davam edir. Yaponiyanın Baş Meteorologiya Agentliyinin məlumatına görə, Küsü adasının bəzi yerlərində yağıntının miqdarı saatda 110-115 millimetrə çatır. Gün ərzində bölgədə təxminən 200 millimetr yağıntı gözlənilir.

"NHK" telekanalının məlumatına görə isə, Naqasaki prefekturasının bəzi rayonlarında yolları və yaşayış evlərini su basması təhlükəsi var.

Hələlik xəsarət alanlar və dəymiş zərərin həcmi barədə məlumat verilmir. Sinoptiklər çay daşqınları və torpaq sürüşməsi təhlükəsinin artması haqqında xəbərdarlıq edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi