Yaponiya hökuməti qarları təmizləmək üçün kifayət qədər resursu olmayan ölkənin şimal rayonlarına təcili maliyyə yardımı edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyosi Akaba bu gün Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
“Hökumət qısa zamanda ehtiyac duyulan vəsaiti hesablayacaq və qarın təhlükəsiz şəkildə təmizlənməsi üçün yardım edəcək. Təmizləmə zamanı ölümlərin rekord sayda olmasından son dərəcə narahatıq”, - o deyib.
Qeyd edək ki, qarın təmizlənməsi zamanı artıq 60-dan çox insan ölüb. Onlar əsasən güclü qarın çökdürdüyü məkanları təmizləyərkən növbəti çökməyə qurban gediblər və ya dam örtüklərinin çökməsinin qarşısını almaq məqsədilə damı təmizləyərkən oradan yerə yıxılıblar.
Xatırladaq ki, Yaponiyanın əsas adası olan Honsünün şimalında və şimaldakı Hokkaydo adasında ötən ilin dekabrından bəri aramsız olaraq güclü qar yağışı yağır. Bu, dəfələrlə nəqliyyatın hərəkətində axsamalara səbəb olub, kommunal təsərrüfatın işini pozub.